Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-08-2023 , 08:31

4373

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Avtodaynacaqlardan daxil olan pullar nəhayət ki ünvanını tapdı


Hökumət nəhayət ki, avtomobil dayanacaqlarlıyla bağlı ölkədə yaranmış xaos və qarışıqlığın  qarşısının alınması, aradan qaldırılması, həmçinin bu istiqamətdə maliyyə vəsaitinin dövlət büdcəsinə daxil olmasıyla bağlı  sərt tədbirlərə start verdi.

Bununla bağlı tariflər artıq  Nazirlər Kabineti tərəfindən müəyyən edilib, hətta ölkə başçısı tərəfindən bu günlərdə “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nı təsdiq edilib.

Şübhə etmirəm ki, bu addımlar,  xüsusəndə Bakı şəhərində qanunsuz fəaliyyət göstərən dayanacaqların qarşısını alacaq və bir qrup şəxsin cibinə gedən maliyyə vəsaitinin dövlət büdcəsinə daxil olmasını təmin edəcəkdir.

Qeyd edim ki, bu sahədə ciddi dönüşün yaradılmasına Baki Nəqliyyat Agentliyi tərəfindən bir neçə dəfə cəhd edilsə də hər hansı irəliləyişə nail olunmamış, vəziyyət daha da pisləşmiş, bu sahədə yaranan sistemsizlik paytaxtda qarışıqlığı, pərakəndəliyi, özbaşınalığı daha artırmışdı. Bu gün  piyadaların və  sürücülərin narazılıqlarının pik həddə çatması, kimlərsə kimlərə görə isə bu mənzərəyə göz yumması da faktdır.

Fikir verin ki, paytaxtın mərkəz hissələrində fəaliyyət göstərən dayanacaqlardan gündəlik 60-80 manat icarə haqqı yığılır. Üstəlikdə 25-30 manat da işləyən üçün verilir. Gündəlik və aylıq bu sahədən kifayət qədər məbləğ yığılsa da, təəssüf ki,  dövlət büdcəsinə və yerli büdcəyə hər hansı vəsait daxil olmurdu.

Bu arada bir məqamı da unutmayaq ki, dayanacaqdan istifadə edən avtomobil sahibinin ödədəyi vəsaitdən 10 qəpik bələdiyyə büdcəsinə daxil olmalı idi.

2022-ci il üçün 1606 bələdiyyənin büdcəsinə cəmi 293.200 manat avtomobil daynanacaqlarından ödəniş daxil olub ki, bu da 2021-cü illə müqayisədə 28 faiz azalma deməkdir.

Gəlin ümid edək ki, ölkə başçısı tərəfindən təsdiq edilən  “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”na göstərilən məqamlar tezliklə öz həllini tapacaq, dayanacaq sistemində yaranana özbaşınalıq tezliklə aradan qalxacaq, həm Daxili İşlər Nazirliyi, həm də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əldə etdikəri maliyyə vəsaitindən qanunvericilklə nəzərdə tululan 10 qəpikləri yerli bələdiyyələrin büdcəsinə vaxtında  köçürəcəklər.

İndi isə mövzu ilə əlaqəli  bir müddət əvvəl hazırladığım və bu gündə  aktuallığını itirməyən yazının bəzi məqamlarını yenidən oxucuların diqqətinə çatdırmaq istərdim.

***

Bakı şəhərində avtomobil dayanacaqları gəlirli sahə olduğundan, bu sahəyə nəzarət uğrunda yerli özünüidarəetmə orqanları formalaşdırıldığı ildən etibarən ciddi mübarizə gedir. Məhz bu mübarizənin nəticəsidir ki, son illərdə dəfələrlə bu sahəyə nəzarət “sahibi” konkret olaraq dəyişilib.

Beləliklə, gəlin, son iyirmi dörd ildə avtodayanacaqlarla bağlı paytaxtda yaranmış vəziyyətə qısa nəzər salaq.

***

Əvvəlcə qeyd edək ki, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”(1999), (maddə 7.1.6) həm də “Yerli vergilər və ödənişlər haqqında” (2001) (maddə 9.1.5.) qanunlara əsasən bu istiqamətdən daxil olan ödənişin məhz yerli orqanlara aid edilməsi birmənalı surətdə göstərilir. Adıçəkilən qanunlardan irəli gələrək həmin dövrdə paytaxtın icra başçısı Bakı şəhərində olan dayanacaqların bələdiyyələrə verilməsi barədə sərəncam imzalayaraq (01.09.2000-ci il tarixli № 849 saylı), dayanacaqları müvəqqəti olaraq bələdiyyələrin istifadəsinə verib və bu addımının “icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin maliyyə problemlərinin həll olunmasına kömək məqsədilə” həyata keçirildiyini sərəncamda qeyd edib. Təxminən, bir il sonra paytaxtın o dövrdə yeni təyin edilən icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən imzalanmış sərəncamla “Bakı şəhərinin ərazisində yerləşən gündüz avtomobil dayanacaqlarının bələdiyyələrə verilməsi barədə BŞİH başçısının 01.09.2000-ci il tarixli № 849 saylı sərəncamının ləğv edilməsi və Bakı şəhərində minik avtomobilləri dayanacaqlarının işinin təşkilinin tənzimlənməsi haqqında” № 655 saylı 15.10.2001 bələdiyyələr həmin maliyyə mənbəyindən məhrum oldular.

Sərəncamda maraqlı bir məqamı diqqətə çatdıraq. Belə ki, sərəncamda göstərilirdi ki,  “Son vaxtlar Bakı şəhərinin küçə və meydanlarında, hökumət və dövlət idarələrinin, iri ticarət mərkəzlərinin, əhalinin istirahət etdiyi park və bağların ətrafında ayrı-ayrı şəxslər tərəfindən kortəbii şəkildə minik avtomobilləri dayanacaqlarının təşkilinin geniş yayılması onu göstərir ki, müvafiq bələdiyyələr Bakı şəhərinin ərazisində minik avtomobilləri dayanacağı işinin təşkilini lazımi səviyyədə qurmayıblar ki, bu da dayanacaqlarda əhalinin və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarıb”. Beləliklə, o illərdə şəhərdəki hərəkət qarışıqlığına görə, bütün məsuliyyət bələdiyyələrin üzərinə atılıb və səbəbkar kimi yerli orqanlar ciddi ittiham edilirdilər.

Ümumiyyətlə, Hacıbala Abutalıbovun Bakı ŞİH-ə rəhbərliyi dövründə açıq etiraf etməliyik ki, bələdiyyələrə ögey münasibət bəslənilmiş, bir sıra hallarda bütün neqativ halların baş verməsinin əsas səbəbkarı kimi bələdiyyələr günahlandırılmışdır.

Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, bütün hallarda bələdiyyələr “icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz”lər fikri eks-merin bu fikirlərini alt-üst edir.

Bu sahəyə nəzarət keçmiş Nəqliyyat Nazirliyinə verilsə də, sonradan təkrar olaraq Bakı ŞİH-ə həvalə edildi. Ən müasir standartlara cavab verən biləcək bir sahə yaradıldığnı da qeyd etməliyik. Bütün paytaxt küçə və prospektlərində müasir parkomatlar quraşdırıldı, fəaliyyət dairəsi müəyyən edildi. Üstəlik, Ticarət və Xidmət Departamentinin nəzdində təsərrüfat hesablı bir müəssisə də yaradıldı. İlk Avropa Oyunları ərəfəsində sistem işə salındı və həqiqətən də işlədi. Qeyd edək ki, az müddətdə. Bu uğurdan başı gicəllənən müəssisə rəhbərliyi tərəfindən DYP ilə razılaşdırılmamış və lazımsız yerlərdə saysız-hesabsız parkomatlar quraşdırıldı ki, bu da öz növbəsində, şəhərdə həm hərəkət sıxlığı yaratdı, həm əhalinin haqlı narazılığına səbəb oldu. Nəticədə müəssisə rəhbəri işdən azad edildi.

Təəssüflə qeyd edim ki,  xeyli müddət məhz büdcə vəsaitləri hesabına alınan parkomatlar sonradan kimlər tərəfindənsə nəzarətsiz saxlanıldı və az müddət sonra söküldü. İki il əvvəl ölkə başçısının imzaladığı müvafiq sənədə görə bu sahəyə nəzarət yenidən Bakı Şəhər İcra Hakimiyyətidən alınaraq,  bu dəfə Bakı Nəqliyyat Agentliyinə verildi. Hər kəs bu istiqamətdə irəliləyişin olacağını düşünsə də, sahənin inkişafı və mövcud problemlərin aradan qaldırılması üçün elə də ciddi layihələrin icra edilmədi, yəni sahəyə nəzarət tam həyata keçirilməmiş qaldı.  Milyonlarla manat vəsait nə dövlət büdcəsinə, nə də yerli büdcəyə daxil oldu.  Əvəzində hansısa işbazların cibinə yönəldi.

Təəccüblü gələn bir məqam da ondadır ki, indiyədək  müvafiq qurumlar tərəfindən verilən hesabatlarda avtodayanacaqlarla bağlı rəqəmlər heç vaxt səsləndirilməyib. Şəffaflıq, demək olar ki, təmin edilməyib.

**

İndi sə mövcud vəziyyətə toxunaq. Bütün küçə və prospektlərdə gündüz avtomobil dayanacağı faktiki olaraq fəaliyyətdədir və pul yığılır. Bakı Nəqliyyat Agentliyi hər bir dayanacaqda lövhə vuraraq, tariflərin müəyyən ediləcəyi günə qədər dayanacaqların pulsuz olduğunu qeyd edib. Bu gün dayanacaqlardan, habelə gecə məhəllədaxili dayancaqlardan, o cümlədən şəhərin mərkəzində istifadəyə verilən  yeraltı və yerüstü dayanacaqlardan kifayət qədər maliyyə vəsaiti toplanılır və yeni, daha müasir dayanacaqlar da tikilməkdədir. Bunlardan yerli bələdiyyə büdcəsinə ya vəsait daxil olmur, ya da çox cüzi vəsait köçürülür. Bundan əlavə, mərkəzdə yerləşən iri avtodayanacaqlar isə ümumiyyətlə, əldə etdiyi maliyyə vəsaitindən yerli büdcəyə köçürülməli olan ödənişi etmək niyyətində deyil. Səbəb kimi, həmin ərazilərin guya  bələdiyyənin mülkiyyətində olmaması göstərilir. Qanunda mülkiyyətində deyil, məhz ərazisində olmasının göstərilməsi də bəzən hansısa səbəbdən məhkəmə prosesində qəbul edilmir. Nəticədə bələdiyyələrimiz məğlub durumda qalmalı olur. Passivlik göstərən bələdiyyə sədrləri ilə yanaşı, təşəbbüskar olub məhkəmə çəkişməsinədək mübarizə aparanlar da az deyil.

***

Son iyirmi ildə bələdiyyə büdcəsinə avtodayanacaqlardan daxil olan ödənişlərin həcminə diqqət yetirək.

2002-ci ildə  93 300 manat, 2003-cü ildə 70 480 manat, 2004-cü ildə 119 840, 2005-ci ildə 40 800, 2006-cı ildə 315 400, 2007-ci ildə 113 800 manat, 2008-ci ildə 51 400 manat, 2009-cu ildə 44 700 manat, 2010-cu ildə 48 800  və  nəhayət, 2020-ci ildə 238 600 manat  vəsait əldə edə biliblər. Göründüyü kimi, bu sahənin əldən-ələ keçməsi nəticəsində bələdiyyələrə daxil olan maliyyənin həcmi də dəyişir.

Beləliklə, avtodayanacaqlardan daxil olan ödənişin büdcədaxilolmalarındakı həcmi 3 faizə çatmır. Halbuki təxmini hesablamalar göstərir ki, ümumilikdə ay ərzində ortalama rəqəmlə paytaxt dayancaqlarından ay ərzində   bir milyon manata yaxın maliyyə vəsaitinin toplanıldığı deyilir.  Onu da əlavə edək ki, bu rərəmdən dövlət büdcəsinə aid olan köçürmələrdə də qeyri-dəqiqliyin olması şübhəsizdir. Nəzarət mexanizmi qurulmuş olsa, bu, bələdiyyə büdcəsinə ödənilən vəsaitin ümumilikdə  büdcə vəsaitinin 10 faizindən daha çox ola bilər. Bir şərtlə ki, dayanacaq sahibi olanlar qanuna riayət edib üzərlərinə düşən məsuliyyət yükünü başa düşmüş olsunlar.

****

Hər birimiz, o cümlədən mərkəzi və yerli icra orqanlarında çalışan hər bir məmur və  sıravı vətəndaş  qəbul etməlidir ki,  bütün hallarda bələdiyyələrə əlavə vəsaitin daxil olması sonda seçicinin probleminin həlli deməkdir.

Belə olan halda seçicinin probleminin vaxtında və operativ şəkildə həll olunmasına hər birimiz fəaliyyətimizlə, habelə vergimizi vaxtında ödəməklə dəstək verməyə borcluyuq.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri


 


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
241

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
257

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
222

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
264